| |
Azərbaycanın “İstiqlal” snayperinin yeni versiyası hazırlanır
|
19:11 09-10-2009
|
|
Azərbaycanın ilk milli atıcı silahı olan “İstiqlal” snayper tüfənginin yeni versiyası hazırlanır.
Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, yeni versiya gələn il hazır olacaq.
Yeni tüfəng hazırkı İST-14,5 versiyasından həm çəkisinə, həm də gülləsinin çapına görə fərqlənəcək. Belə ki, 12,7 mm çaplı güllələrdən atəş açacaq bu snayperin çəkisinin təxminən 15 kq-a yaxın olması nəzərdə tutulur.
Həm Azərbaycan Silahlı Qüvvələri, həm də ixrac üçün nəzərdə tutulan snayper tüfənginin yeni versiyası əvvəlki ilə eyni keyfiyyətlərə malik olacaq.
Qeyd edək ki, Azərbaycan mütəxəssisləri tərəfindən yaradılmış və Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən 14,5 mm çaplı «İST-14,5 Anti-Material Rifle» (“İstiqlal”) snayper tüfəngi ilk dəfə bu ilin aprelində Türkiyədə keçirilən İDEF-2009 müdafiə sərgisində nümayiş etdirilib. Çəkisi 20 kiloqram olan bu snayper tüfəng dəzgah üzərində tətbiq olunur.
Hədəfi məhv etmə məsafəsi 3 min metr olan “İstiqlal”dan -50 və +50 dərəcə temperaturlarda rahat istifadə edilə bilir. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqla çantada daşımaq mümkündür.
|
|