| |
Müdafiə Nazirliyinin baş leytenantı dələduzluqda təqsirləndirilir
|
13:43 28-07-2010
|
|
lyulun 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin (TTM) zabiti, baş leytenant Anar Eminovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
İyuLent.az-ın məlumatına görə, hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Keçmiş bölük komandiri Anar Eminov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham olunur.
A. Eminov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Proses şahid ifadələri ilə davam etdirilib.
Qeyd edək ki, 2009-cu ilə iyununda Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində (TTM) baş verən qanun pozuntuları ilə bağlı adıçəkilən hərbi hissənin bir qrup yüksək rütbəli zabiti istintaqa cəlb olunub. General-mayor Lənkəran Əliyev TTM rəisi vəzifəsindən çıxarıldıqdan sonra isə hərbi hissənin əksər xidmət sahələrində yoxlamalar başlanıb.
Yoxlama nəticəsində TTM-də külli miqdarda yeyinti faktı müəyyənləşdirilib, Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanılıb. Bundan sonra TTM-in Avtomobil Xidməti rəisi, polkovnik-leytenant Arif Məmmədov, daxili əmrlə Mənzil İstismar Xidmətinin rəisini əvəzləyən, polkovnik-leytenant Elşən Abbasov, yanacaq anbarının rəisi, baş gizir Fikrət Abbasov, əşya xidməti rəisi, mayor Nazim Həsənov və Maliyyə Xidməti rəisi, polkovnik-leytenant İntiqam Mövlanverdiyev isə istintaqa cəlb olunublar.
Adıçəkilən digər hərbi qulluqçuların cinayət işinin ibtidai istintaqı isə ayrı icraatda aparılır.
Fərid Əkbərov
|
|