| |
Qarabağı qaytarmağın yeganə yolu: “Cavanşirin nəvələrini” içkili halda Xankəndinə göndərək!
|
10:49 23-07-2010
Bakını “Koroğlunun dəlilərindən” qorumaq üçün hansı təxirəsalınmaz tədbirlər görülməlidir?
“Babəkin nəvələri”, yoxsa Qurbanəli bəyin törəmələri?
|
|
Hardansa eşitmişik ki, biz dəliqanlı, vuran-tutan, çalıb-çapan camaatıq. Amma özümüzdən başqa kimdən çalıb-çapdığımızı və tərəzidə vurmaqdan başqa nəyi vurub-tutduğumuzu bilmirik. Kimi danışdırırsan, “mənim qanımda Babək, Cavanşir, Koroğlu, Qaçaq Nəbi qanı var” deyə dayanıb bir saat şeir oxuyur. Adamdan soruşarlar ki, damarında Babəkin qanını gəzdirib neynəmisən? Cavanşirin hüceyrələrini daşıyıb hansı düşmənə bir sillə vurmusan? Koroğludan, Qaçaq Nəbidən törəyib hansı zalıma sinə gərmisən? Danışmağa, araqdan gillədikdən sonra çalıb-oxumağa nə var ki.
Bu gün kimin nəvəsi olmağımızdan asılı olmayaraq, əlimizdən gələn bir neçə fövqəladə qabiliyyət var. Hansı babamızdan keçdiyini bilmirəm, amma onu bilirəm ki, bəzi sahələrdə tayımız-bərabərimiz yoxdur. Bunlardan biri toyda-şənlikdə yeyib-içdikdən sonra şirə-pələngə dönməkdir. Əşşi, ayıq vaxtı Qurbanəli bəy kimi axurda gizlənənləri sən gəl “mıxladıqdan” sonra gör. Qabağında bir ordu dayana bilmir. Həmin vaxt üzünü Qarabağa tərəf çevirsən, bəlkə də içkili havasına Xankəndinədək gedib çıxar.
Bir müddət əvvəl axşam tərəfi marşrutda Bakıdakı şadlıq evlərindən birinin qabağından keçirdim. Bu vaxt 3 uşaq və ər-arvaddan ibarət bir ailə özünü avtobusun qabağına atıb saxlatdı. Bir-birilərini darta-darta birtəhər mindikdən sonra kişi üzünü salona tərəf tutub ürəkdən gəyirdi. Pay atonnan, avtobusun içinə elə bir “xoş” təravət yayıldı ki, sərnişinlərin gözü yaşardı. Araq, çaxır, pivə, siqaret, kariyes, paslanmış metal və sair kimi “füsunkar” ətirləri özündə cəmləşdirən həmin qoxu indi də yadıma düşəndə başım gicəllənir.
Uzun sözün qısası, gəyirməyi başa çatar-çatmaz 45-50 yaşlarındakı bu adam dumanlı nəzərlərlə sərnişinləri süzərək hörüldəməyə başladı: “Bura baxın ay camaat, mən ...lıyam haaa. (rayonlarımızdan birinin adını çəkdi) ...lıyam eee mən, ...lı. Adam başı kəsirik biz, adam. Bax indi toydan çıxıram, kefim sazdı. Ancaq bir-iki gədənin qulağını kəsib qayıdıram. Çünki mən ...lıyam. Mənim damarlarımda kişi qanı axır haaa. Qabağımda söz deyən oğlanı doğrayaram, nakişidir yalan deyən”. Birdən çevrilib arvad-uşağına baxır: “Az heyvan qızı, heyvan, düz demirəmmi az?”. Arvad canının qorxusundan “yox” deyə bilməsə də, camaatdan utandığı üçün təsdiqləyə də bilmirdi.
“Kişi oğlu kişi” ağzını açıb yenə nəsə guruldamaq istəyirdi ki, sürücü “yaxşı bəsdir, camaatı narahat edirsən” deyə onun üstünə acıqlandı. Paho. “Kişi” qızışdı, nə qızışdı: “Əəə, sən mənə deyirsən? Sən bilirsən mən kiməm? Sən bilirsən mən haralıyam? Ə saxla “vopşe” maşını görüm sən nə çaşmısan”. Qəfildən sürücü əyləci basıb yerə atıldı və sərxoşun üstünə qışqırdı: “Hə, saxladım. İndi düş aşağı, görüm sözün nədi?”. Bayaqdan şirə-nərə dönmüş “...lı”nın nitqi qurudu. Sürücünün gözlənilməz reaksiyası və “duelə” çağırışı bədəninə üşütmə salmışdı. Təsəvvür edirsiniz, bir anlığa necə hönkürdüsə, bütün millət özünü itirdi: “Ə, mən burda qərib adamam, yola ver, çıxım gedim da. Bir qələtdi elədim, məni balalarının başına çevir, başına dönüm”.
Dediyimiz kimi, bu cür məharətimiz sadəcə toyda-nişanda “gillədikdən” sonra ortaya çıxır. Kənd toylarındakı dava-dalaşı birtəhər tənzimləmək olur. Restoran “qəhrəmanlıqlarının” miqyası isə daha uzağa gedib çıxır. Bu cür ekstremal situasiyalarda vəziyyəti nəzarətə götürmək, yaşana biləcək hər hansı xoşagəlməz hadisələri tənzimləmək, fəlakət və itkilərin həcmini minimuma endirmək, həmçinin ətraf sakinlərin rahatlığını pozmamaq üçün xüsusi təkliflər paketimiz var. Əgər həmin təkliflər nəzərə alınarsa, inanırıq ki, “Cavanşirin nəvələri” özlərinə və ətrafdakılara daha az ziyan vuracaqlar. Belə ki, Bakıdakı hər bir şadlıq evinin qarşısında aşağıdakı obyektlər tikilməlidir:
1. Geniş idman meydançası, yaxud döyüş rinqi. Bu halda sərxoş pəhləvanlar onlar üçün ayrılmış həmin ərazidə ölənəcən bir-biriləri ilə təpikləşərlər;
2. Aptek, optika və təcili tibbi yardım xidməti. “Müharibədən” sonra tərəfləri dərhal lazımi dərman preparatları və göyərmiş yerləri gizlədəcək gün eynəkləri ilə təmin etmək lazımdır;
3. Polis bölməsi, yaxud mühafizə xidməti. Proseslərin genişlənərək ətraf ərazilərə ziyan verməməsi üçün isə xüsusi mühafizə səddinə ehtiyac var. Eyni zamanda, sonradan həmin “qoduqları” tutub qoduqluğa basmağa xeyli vaxt itirilməsin, məsələ yerindəcə həll olunsun;
4. Ətrafda dairəvi çin səddi. Mühafizəçilərin işi asanlaşdırılmalı və gözü qızmış “qəhrəmanların” canlı səddi yarıb keçməməsi üçün əlavə tədbir görülməlidir;
5. Yanğından mühafizə və dənizdə xilasetmə briqadası. Sərxoş “koroğluların” daxildən gələn yanğısını söndürmək, həmçinin ağızlarından tökülən köpükdə boğulmaqdan xilas etmək də vacibdir;
6. Hadisələri havadan, qurudan və sudan görüntüləyə bilmək üçün xüsusi videokamera qurğusu. Yaşananları dəqiqəbədəqiqə lentə alıb, arxivə qoymaq və gələcəkdə oğul-uşağına göstərib, “atan bu köpəkoğlu idi” deyilməlidir;
7. Tərcümə mərkəzi. Onsuz da bu “qurbanəlilər” içkil halda nə danışdıqlarını özləri də başa düşmürlər, qalmaqalda nə dedikləri necə anlaşılsın? Bu səbəbdən onların dilindən anlayacaq xüsusi mütəxəssislərin cəlb olunması və ortada vıyıldayan baş-ayaq sözlərin sinxron tərcümə olunaraq, camaata çatdırılması önəmlidir;
8. Ətriyyat-parfümeriya və əleyhqaz satışı dükanı. Vuruşanların ağzından və digər namünasib yerlərindən gələn bəzi xoşagəlməz qoxulardan ətrafdakı seyrçilərin ürəyi xarab ola bilər. Bəlkə kimsə döyüşə baxmaqdan əl çəkə bilmir. Qoy gedib dükandan xüsusi ətir, yaxud əleyhqaz alıb baxsın.
9. Səsboğucu divarlar və səsboğucu qulaqcıqlar. Təbii ki, içkili və gözü qızmış azəri “igidləri” ola və ortada söyüş söyülməyə? Mümkün deyil. Bu baxımdan hadisə yerini kənar ərazilərdən təcrid etmək üçün xüsusi səsboğucu örtük çəkilməli və tamaşaçılara restoran rəhbərliyi tərəfindən səsboğucu qulaqcıqlar paylanmalıdır;
10. Bilet kassası və girişə iri hərflərlə yazılıb vurulmuş nəhəng lövhə. Toyda iştirak edən vətəndaşlar döyüşə pulsuz tamaşa edə bilərlər. Əgər kimsə kənardan gəlib baxmaq istəsə, o zaman zəhmət çəkib kassadan biletini alıb keçsin. Lövhəyə isə “16 yaşınadək giriş qadağandır” xəbərdarlığı yazılmalıdır
11. Nəhayət, molla məntəqəsi və ölüyuma idarəsi. Dünya işidir, ola bilər ki, vurhavurun sonunda millətin canı hansısa parazitdən qurtarası oldu. İşi sonraya saxlamaq lazım deyil, birdən dirilib-qalxmaq fikrinə düşər. Yerindəcə yuyursan, kəfənləyirsən, duasını verirsən və gecəynən aparıb quyulayırsan.
Ceyhun
Milli.Az
|
|