ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
Birgə hərbi təlimlərin görünməyən tərəfləri
09:11 26-06-2010


2009-2010 təlimlərinin Azərbaycan ordusunun döyüş hazırlığına müsbət təsir edəcəyi düşünülür

Cəsur SÜMƏRİNLİ


Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 92-ci ildönümüdür. Bu mühüm tarix ərəfəsində, iyunun 21-dən 24-dək Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı Birgə Əməliyyat-Taktiki təlim keçirmələri həftənin ən diqqətçəkən hadisələrindən oldu.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimə ümumilikdə 4 min nəfərdən çox şəxsi heyət, 100 tank, 77 ədəd zirehli döyüş maşını, 125 ədəd artilleriya sistemləri, 17 ədəd döyüş təyyarəsi, 12 ədəd döyüş vertolyotu və 4 ədəd nəqliyyat vertolyotu cəlb edilib. Müqayisə üçün bildirək ki, 2009-cu ilin iyun ayında keçirilmiş bənzər təlimə də 4 min nəfərdən çox şəxsi heyət, 99 tank, 55 zirehli döyüş maşını, 123 artilleriya sistemi, 12 döyüş təyyarəsi, 12 döyüş vertolyotu və 5 nəqliyyat-döyüş vertolyotu cəlb edilmişdi.

Bu ay keçirilən təlimdə rəhbərlik tərəfindən qarşıya qoyulan əsas məqsədlər bunlar olub:

- Müdafiə Nazirliyinin, Daxili Qoşunların və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin birgə döyüş tətbiqinin planlaşdırılması üzrə qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi, müdafiə əməliyyatının gedişində müxtəlif güc strukturlarının birləşmə və hissələrinin uzlaşmış fəaliyyətə nail olunması,

- əməliyyatın müxtəlif mərhələlərində qoşunlar arasında koordinasiyanın və qarşılıqlı əlaqənin təmin edilməsi və genişmiqyaslı hücum əməliyyatının aparılması,

- ölkə ərazisinə soxulmuş düşmən qüvvələrinin darmadağın edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası üzrə Müdafiə Nazirliyinin, Daxili Qoşunların və Dövlət Sərhəd Xidmətinin birlik, birləşmə və hissələrinin birgə fəaliyyətlərinin uzlaşdırılması.

24 iyunda təlimin əsas mərhələsində aviasiya zərbələrinin və artilleriya sistemlərinin döyüş atışının praktik idarə olunması, hava desantının çıxarılması, müxtəlif qoşun növləri və xüsusi qoşunların hücum əməliyyatında tətbiqi sualları işlənib, birləşmə və hissələrin taktiki fəaliyyətləri və silah sistemlərinin real atışları həyata keçirilib, müxtəlif güc strukturlarının birləşmə və hissələri arasında qarşılıqlı əlaqənin saxlanılması təmin edilib. Təlimə cəlb edilən birləşmə və hissələr tərəfindən qarşıya qoyulan bütün məqsədlərə nail olunub.

Xatırladaq ki, bu təlimlər 2009-cu ilin 15-25 iyun tarixlərində keçirilmiş təlimlərin oxşarıdır. Hətta onlarla bağlı Müdafiə Nazirliyinin yaydığı press-relizlər belə bənzərdir.

Birgə səylər ordu quruculuğu üçün səmərəli perspektiv vəd edir

Araşdırmalar göstərir ki, bu günlərdə keçirilən və ümumiyyətlə son 2-3 il ərzində keçirilən təlimlər Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin vəziyyətini ortaya çıxarmağa imkan verir. Ekspertlər müsbət qənaətdədirlər. Rəsmi mənbələr bildirir ki, ötən il və builki təlimlərin hədəfləri bənzər olub.

"Azərbaycanda üç güc strukturunun birləşmə və hissələrinin birgə döyüş təlimini həyata keçirməsi ümumilikdə hərbi sahədə quruculuq işlərində səmərəli perspektiv vəd edir". Bunu "Ayna"nın əməkdaşı ilə söhbətində Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru İldırım Məmmədov bildirdi. Onun fikrincə, bu gün Azərbaycanda hərbi heyət faktik olaraq 3 güc strukturunda - Müdafiə Nazirliyi, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətində cəmləşib. "Bu üç güc strukturu Azərbaycanın ərazi bütövlüyünün təminatçısı kimi çıxış edib, edir və edəcəklər. Azərbaycan həmişə bu güc strukturlarının şəxsi heyətinin döyüş imkanlarının artırılmasına diqqət yetirir və bu proses davam etdirilməlidir", - deyə o qeyd etdi.

Təlimlər ordunun NATO standartlarına keçidində mühüm mərhələdir

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi hesab edir ki, adları çəkilən üç güc strukturunun birləşmə və hissələrinin birgə döyüş tətbiqinin planlaşdırılması üzrə qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

"Bu bir növ NATO ordularının döyüş hazırlığının yüksəldilməsi prosesinə bənzəyir. Düzdür, Azərbaycanda bir çox NATO ölkələrində olduğu kimi Birləşmiş Qərargah Sistemi ("J") fəaliyyət göstərmir, lakin bu il və ötənilki təlimlər quruluş baxımından bu prosesə yaxındır və Azərbaycanda birgə qərargah sisteminin yaradılmasının mümkünlüyünə işarə edir. Düşünmək olar ki, son iki ildə keçirilən təlimlər Azərbaycan Silahlı Qüvvələrinin qərargah idarəetməsi baxımından NATO standartlarına keçidi prosesində mühüm mərhələdir", - deyə "Doktrina" qeyd edir.

"Doktrina" mərkəzinin ekspertləri hesab edir ki, son təlimlər bir növ Azərbaycanda güc strukturlarının "beyin hissələri"nin - qərargahların birgə fəaliyyətinin səmərəliliyini yoxlamaq üçün bir şansdır. "Müdafiə əməliyyatı gedişində müxtəlif güc strukturlarının birləşmə və hissələrinin uzlaşmış fəaliyyətinə nail olunması əslində birgə qərargah fəaliyyətinin səmərəliliyinə işarədir", - deyə mərkəz bildirir.

Ekspertin təklifi: təlimlər cəbhə xəttinə yaxın ərazidə, 10-15 min nəfərlik olsun

HATM rəhbəri İldırım Məmmədov isə təklif edir ki, bu kimi təlimlər intensivliklə və Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən cəbhə xəttinə yaxın ərazilərdə keçirilsin. "Təklif edərdim ki, bu tip təlimlərin bir qədər nəhəng xarakterli olması məqsədilə bir sıra addımlar atılsın.

REKLAM

Misal üçün, ehtiyatda olanların səfərbərliyi elan edilə bilər və ehtiyat taburların 10-15 minlik şəxsi heyətinin iştirakı ilə nəhəng təlimlər keçirilə bilər. Bu təlimlər ölkə telekanalları ilə canlı yayımlanmalı və bunun düzgün təbliğatı həyata keçirilməlidir. Düşünürəm ki, bu kimi təlimlərin milli vətənpərvərlik ruhuna müsbət mənada ciddi təsiri olacaq", - deyə o qeyd etdi.

"Hərbi Jurnalistlər" İctimai Birliyinin sədri Üzeyir Cəfərov isə bu kimi təlimlərin səmərəli olduğunu düşünənlər sırasındadır. Amma onun sözlərinə görə, əsas problem təlimlərin təbliğatı ilə bağlıdır. "Əvvəlcədən ictimaiyyətə hər hansı məlumat verilmir. Başa düşürəm, bu, təhlükəsizlik tədbirləri ilə də bağlı ola bilər. Lakin təbliğatın hazırkı şəkildə aparılması onun vətənpərvərlik ruhuna təsirini bir qədər aşağı salır" deyən ekspert bildirir ki, qoşunlar arasında hazırkı formatda təlimlərin aparılması və onların qarşısında qoyulan məqsədlərdən birinin geniş miqyaslı hücum əməliyyatı və ölkə ərazisinə soxulmuş düşmən qüvvələrinin darmadağın edilməsi üzrə MN, DQ və DSX birləşmə və hissələrin birgə fəaliyyətinin uzlaşdırılması ilə bağlı olması çox vacib məsələdir. "Bu Azərbaycanın milli təhlükəsizliyi üçün son dərəcə zəruri məsələdir", - deyə o qeyd etdi.

Azərbaycan üçün "polis dəstəkli hərbi təlimlər"

"2009 və 2010-cu illərdə keçirilmiş birgə təlimlər Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu ilə müqayisədə faktik olaraq 2-3 dəfə artıq olduğunun əsas göstəricisidir. Ermənistanın hərbi-siyasi dairələrini çəkindirən əsas məsələlərdən biri də budur", - bunu "Doktrina" mərkəzinin ekspertləri bəyan edir. Onlar bu vəziyyətin bəzi neqativ nəticələr doğuracağını da ehtimal edirlər:

"Əgər Gürcüstanın müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatları izləsək, bəlli olar ki, bu proses əlində silah olan şəxslərin bir qurumda - Müdafiə Nazirliyində cəmləşməsinə yönəlib, Daxili Qoşunlar və Sərhəd Xidməti kimi qurumlar isə artıq tam olaraq hüquq-mühafizə orqanına çevrilib. Bu perspektiv Azərbaycan üçün də var. Bu baxımdan hesab edirəm ki, son iki ildə həyata keçirilən birgə təlimlərin formatını bir qədər dəyişməyə ehtiyac yarana bilər. Təklif edirik ki, bu təlimlər tədricən "polis dəstəkli hərbi təlimlərə" çevrilsin. Konkret olaraq Silahlı Qüvvələrin keçirdiyi təlimlərin Daxili Qoşunlar və Dövlət Sərhəd Xidməti qulluqçuları tərəfindən dəstəklənməsi həm Azərbaycanın mövcud reallıqlarına, torpaqlarının 20 faizindən çoxunun işğal altında olması faktına uyğundur, həm də beynəlxalq standartlar, Azərbaycanın götürdüyü öhdəliklərə münasibdir", - deyə "Doktrina" mərkəzi bəyan edir.

İ.Məmmədov isə əmindir ki, ildən-ilə həyata keçirilən birgə təlimlərin formatında və strukturunda, qaydalarında müəyyən dəyişikliklər olacaq. "İndi əsas məqsəd bunlardır: müharibə dövründə bütün qoşunların bir əldən səmərəli istifadə olunması, az itki ilə qısa müddətdə qələbə qazanmaq imkanlarının artırılması və düşmənə sağalmaz yara vurulması. Düşünürəm ki, Azərbaycanın güc strukturları qarşıya qoyduqları məqsədə nail olmaqdadırlar", - deyə İ.Məmmədov bildirir.

Prezident: "Vəzifəmiz torpaqları azad etməkdir"

Qeyd edək ki, iyunun 24-də SQ yaradılmasının 92-ci ildönümü münasibətilə keçirilən təlimi izləyən İlham Əliyev çıxış edib. Dövlət başçısı ordu quruculuğunun Azərbaycanda ən prioritet məsələ olduğunu deyib:

"Son bir neçə il ərzində, daha doğrusu 7 il ərzində hərbi xərclərimiz 13 dəfədən çox artıb. 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Biz bundan sonra da hərbi gücümüzü artıracağıq, ordumuz üçün lazım olan bütün silah-sursat və texnikanı alacağıq".

Prezident bildirib ki, Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalı istiqamətində əlavə addımlar da atılacaq. Prezident deyir:

"Son illərdə bu istiqamətə də çox böyük diqqət göstərilib. Hazırda Azərbaycanda 21 hərbi müəssisə, hərbi zavod fəaliyyət göstərir, 30 istehsal sahəsi yaradılıb. Biz elə etməliyik ki, Azərbaycan ordusu üçün, Silahlı Qüvvələr üçün lazım olan bütün texnika, silah-sursat Azərbaycanda istehsal edilsin. Biz bu istiqamətdə işimizi daha da gücləndirəcəyik".

Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident ölkənin qarşısında duran ən birinci vəzifənin torpaqları işğalçılardan azad etmək olduğunu vurğulayıb.
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna