| |
Türkiyənin müdafiə naziri Vəcdi Könül: “Azərbaycana göstərdiyimiz hərbi yardımların miqdarı 200 milyon ABŞ dollarını keçib”
|
15:52 12-05-2010
Azərbaycan Türkiyənin “ATAK” zərbə helikopteri layihəsində iştirak edə bilər
|
|
Türkiyənin milli müdafiə naziri Vəcdi Könülün APA-ya eksklüziv müsahibəsi
- Cənab nazir, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Nəticələr sizi qane edirmi?
- Azərbaycanla müstəqilliyini qazandığı vaxtdan bu günədək müdafiə sektorunun bir çox sahələrində əməkdaşlığımız olub və bu proses davam etməkdədir. Bunların arasında da Azərbaycan Silahlı Qüvvələri zabitlərinin Türkiyədə, türk zabitlərinin oxuduğu hərbi təhsil müəssisələrində təhsil alması xüsusi yer tutur. Bundan başqa, Azərbaycan ordusunun təşkilində də türk zabitlər böyük işlər görüblər. Bununla yanaşı, müdafiə sənayesi sahəsində də işbirliyimiz var və müdafiə sənayesində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Bu əməkdaşlığın ən gözəl örnəklərindən biri kimi ötən gün iki türk şirkəti – ASELSAN və MKE-nin Azərbaycanın müvafiq qurumları ilə müştərək istehsalla bağlı müqavilə imzalamasını göstərə bilərəm. Azərbaycanda MKE-nin iştirakı ilə sursatlar istehsal ediləcək. ASELSAN-ın imzaladığı müqavilə çərçivəsində isə Azərbaycanın bir müəssisəsində gecəgörmə cihazları və termal kameralarının istehsalı həyata keçiriləcək.
- Türkiyə bu günədək Azərbaycana müdafiə sektorunda ən çox hərbi yardım ayıran ölkələr sırasında ilk yerdə durur. Son rəqəmi deyə bilərsinizmi?
- Məndə olan məlumata görə, Azərbaycana göstərilən hərbi yardımların miqdarı 200 milyon ABŞ dollarını keçib.
- Cənab nazir, növbəti illərdə müştərək həyata keçiriləcək hansı layihələr var? Mətbuat Azərbaycanın «Altay» milli tank, ATAK zərbə helikopteri layihələrində iştirakda maraqlı olduğunu yazır.
- Ümumilikdə Azərbaycanın bu layihələrdə iştirakı mümkündür. Azərbaycan tərəfi istədikləri təqdirdə bu layihələrə qatıla və iştirak edə bilərlər. Hazırda ATAK zərbə helikopteri İtaliya və Türkiyənin iştirakı ilə istehsal olunur. Amma Azərbaycan arzu edərsə, başlanğıcdan etibarən bu istehsala qatıla bilər.
- ATAK layihəsi üzrə işlər nə yerdədir?
- Hazırda mühərrikin yenilənməsi prosesi gedir. Mühərrik Amerikada istehsal edildi və sınaqdan çıxarıldı. Qüvvətli mühərrikdir. Hazırda digər sistemlər sınaqdan çıxarılır. Sınaqlar uğurlu olarsa, helikopter yığılacaq.
- Necə hesab edirsiniz, Türkiyə və Azərbaycan arasında hərbi müttəfiqlik sazişinin imzalanması mümkündürmü? Buna ehtiyac varmı?
- İndiyə qədər Azərbaycanda müdafiə sektorunun bütün sahələrinə dair sazişlər, müqavilələr imzalanıb. Artıq bu əməkdaşlığın hüquqi tərəfləri mövcuddur. Biz eyni millətin övladlarıyıq. Azərbaycanla bütün sahələrdə çalışmağa hazırıq.
|
|