| |
Qarabağın «açarı» kimin cibindədir?
|
10:32 06-05-2010
Hər zaman bütün nəzərlər Rusiyaya yönəlir. Bəs erməni diasporu bu kilidin pas atmasında az rol oynayıb?
|
|
1988-ci ildən başlamış Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri aparılan sülh danışıqları nəticə verməməkdədir. Dünyanın üç böyük dövlətinin iştirakı ilə yaradılmış Minsk Qrupu da bu illər ərzində problemi aradan qaldıra bilməyib. Bununla bağlı çeşidli fikirlər mövcuddur və hər dəfə də qınaq obyektinə çevrilən Minsk Qrupunun əslində, əlindən gəlməyən çox şeylər var.
İlk olaraq, Qarabağın «açarı» məsələsi ilə bağlı bəzi fikirlərə diqqət yetirək. Etiraf edək ki, istər Azərbaycan, istərsə də Ermənistan ictimaiyyətində ümumi fikir budur ki, həmin «açar» Rusiyanın «cibi»ndədir. Belə bir fikrin formalaşmasında Rusiyanın maraqlı olduğunu inkar etmək mümkün deyil. Amma bunu arqumentləşdirmək üçün ortaya çoxlu sayda fikirlər də qoyulub. Məsələn, Qarabağ münaqişəsini Rusiyanın yaratdığı faktı cəmiyyətdə belə bir rəy formalaşdırıb ki, elə «açar» da Moskvanın «cibi»ndədir. Bundan başqa, Ermənistanın Rusiyanın forpostu olması məsələsi də növbəti arqument kimi gündəmə gətirilir.
Ancaq ortada o reallıq da var ki, Rusiyanın son dövrlər göstərdiyi cəhdlər də nəticə vermir. Moskvada keçirilən ard-arda görüşlər, bəyannamələrin imzalanması, habelə Kremlin hər iki tərəfi ortaq məxrəcə gətirmək üçün təşəbbüsü ələ alması Minsk Qrupunun fəaliyyətindən heç də fərqlənmir. Bu zaman yuxarıda sadalanan arqumentlərin boşa çıxdığı qənaəti yaranır ki, bu da haqsız deyil. Ən azından ona görə ki, münaqişənin «açarını cibində daşıyan» Rusiya imkanı olsaydı, bu qədər əziyyətə qatlaşmazdı. Əksinə, bir dəfə «gözlərini ağartmaq»la Qafqazdakı mövqelərini birdəfəlik bəriktməyə nail olardı. Deməli, vəziyyət belədir ki, Kreml də ermənilərin hansı oyun oynadığından xəbərdardır və göstərdiyi təzyiqlərin bir nöqtədə ilişdiyini çoxdan bəri görməkdədir.
ABŞ və Fransanın cəhdləri barədə də danışmaq olar. Amma bu barədə çox yazıldığından situasiyanın hansı yerdə olduğu hamıya bəllidir. Buradakı vəziyyət belədir ki, Parislə Vaşinqton da Qarabağ münaqişəsinin həlli üçün yetərli qədər güc sahibi deyillər. O zaman haqlı olaraq ortaya belə bir sual çıxır: Bəs, açar kimin cibindədir?
Qarabağ münaqişəsi həqiqətən də digərlərindən həm forma, həm də məzmununa görə, xeyli fərqlənir. Nə Fələstin deyil, nə də Kosovo kimi qarışıq olduğu qədər, sadəliyi ilə diqqəti çəkmir. Ortada «Qordi düyünü» var və illərdir bu düyünü kəsmək cəhdləri daha da dolaşıq vəziyyətlər yaratmaqdadır. Ancaq real olan bir məsələ də var ki, Qarabağ münaqişəsinin həllinə qısa müddətdə nail olmaq üçün erməni diasporu faktoru yaddan çıxarılıb.
Erməni lobbisinin prioritetləri
Belə ki, dünyanın əksər ölkələrində yaşayan ermənilərin yaratdıqları təşkilatlar yetərli qədər güclü, mobil və maliyyə cəhətdən geniş imkanlara malikdirlər. İstər ABŞ olsun, istər Fransa, istər Rusiya, istərsə də Yaxın Şərq, fərq etməz. Hər bir yerdə baş qaldırıb, ümumi «düşmən»ə qarşı mübarizə aparmağı bacaran bu diasporun iki böyük hədəfi var.
Birinci hədəf Türkiyə və Azərbaycanın torpaqları hesabına Ermənistanın sərhədlərini genişləndirməkdir. İndiyə qədər Türkiyəyə «dişi batmayan» ermənilər, Azərbaycandan istədiklərini alıblar və onu geri vermək niyyətində də deyillər.
İkinci hədəf isə Türkiyəni dünyanın gözündə kiçiltmək və öz cinayətlərini gizlətmək üçün qondarma «erməni soyqırımı»nı tanıtdırmaqdır. Bunun üçün ciddi şəkildə lobbiçilik fəaliyyəti ilə məşğul olan erməni diasporu demək olar ki, bəzi ölkələrdə istəklərinə nail olublar.
Qayıdaq, Qarabağın «açar»ı məsələsinə. Proseslərin gedişatını dərindən təhlil etdikdə üzə çıxan əsas məqam odur ki, həmin «açar» daha çox erməni diasporunun «cibi»ndəymiş kimi görünür. Çünki Azərbaycan torpaqlarını işğal etmək üçün erməni diasporu illərlə hazırlıq görməklə yanaşı, həm də böyük miqdarda maliyyə və insan resursundan istifadə edib. Bu gün Amerikada yaşayan ermənilərdən məcburi qaydada ayda «Ermənistan naminə» 100 dollar, Türkiyədəkilərdən isə 20 dollar qoparan ermənilər illərdən bəri bu şəkildə yığdıqlarını Qarabağ müharibəsində sərf etməkdən çəkinmədilər. Həmin pullarla həm Qarabağda yaşayan ermənilərə, həm də Ermənistana yardım edən diaspor, Livan və digər ölkələrdən döyüşmək üçün muzdlu döyüşçülər də gətirirdilər. Elə bu gün də həmin prosesin davam etdiyinə qəti şübhə yoxdur.
Dilənçilik, var-dövlət və terror...
Vaxtaşırı Avropa və Amerikada «marafon»lar keçirən erməni diasporu demək olar ki, son iki ildə açıq dilənçiliyə belə başlayıblar. Amma bu dilənçiliyin arxasında dayanan məqsədlərin də Qarabağı əldə saxlamaq olduğunu düşünərsək, o zaman belə anlaşılar ki, erməni lobbisi istəyinə çatmaq üçün dünyanın ən şərəfsiz işini belə görməyə hazırdır. Həmçinin belə bir amil də diqqəti çəkməkdədir ki, bütün bu cəhdlər erməni diasporunun Qarabağ münaqişəsinin həllinə mane olması üçün lazımdır. Yəni, dolayısı ilə böyük dövlətlərə belə təsir etmək gücü əldə etdikdən sonra «açar»ı onların «cibi»ndən oğurlayıb, özündə saxlamaqdadır.
Həmin «açar»ı kimsəyə verməmək üçün də erməni diasporunun bəzi imkanları mövcuddur. Məsələn, «Asala», «Hınçak», «Haydad» kimi terrorçu dəstələri saxlamaq və onları maliyyələşdirmək heç də səbəbsiz deyil. Əksinə, bu terror təşkilatlarının hər şeyə rəğmən varlığını qorumaq lobbiyə ona görə lazımdır ki, Qarabağ problemini onlarsız həll edən zaman, təsir imkanı olaraq onlardan istifadə etsinlər. Yəni, erməni lobbisi əlinin altında silahlı dəstələr saxlamaqla göstərmək istəyir ki, istədiyi vaxt, istədiyi ölkədə qanlı terror aktları həyata keçirə bilər.
Təbii ki, bu zaman elə düşünmək lazım deyil ki, Azərbaycan tərəfi indiyə qədər bu məsələdən xəbərdar olmayıb, o səbəbdən də yanlışlıqla böyük dövlətlərlə danışıqlar aparır. Əksinə, rəsmi Bakının bu durumdan xəbəri var. Sadəcə, Azərbaycanın erməni diasporu ilə danışıqlar aparmaq imkanı yoxdur. Hətta vasitəçilər olsa belə, erməni lobbisi belə görüşün keçirilməsini qəbul etməz. Həmçinin görüşü qəbul etsə belə, öz iddialarından geri çəkilməyəcək. Ələlxüsus düşmən gördüyü Azərbaycanın qarşısında. Onda erməni diasporu ilə görüşməyin və buna vaxt sərf etməyin faydasız olduğunu deməyə gərək qalmır.
O zaman Azərbaycan hakimiyyəti erməni diasporuna təsir imkanları olan böyük dövlətlərin yanına gedərək, onlardan Qarabağ məsələsini həll etmək tələbində bulunmasında haqlıdır. Çünki bunun başqa yolu da yoxdur. Hər halda münaqişəni aradan qaldırmaq üçün Rusiya, Fransa və ABŞ bütün imkanlardan yararlanaraq, erməni diasporunu hansısa güzəştlər fonunda razı sala bilərlər. Deməli, rəsmi Bakı bu məsələdə yanılmayıb və başqa çıxış yolu da görməyib.
Hərçənd Ermənistan hökumətinin də baş verənlərlə bağlı vəziyyəti yaxşı deyil. İrəvan anlayır ki, Qarabağ münaqişəsi var olduqca, ona həm iqtisadi, həm də siyasi cəhətdən böyük ziyanlar dəyir. Regionda həyata keçirilən iri layihələrdən kənarda qalan ermənilərin Vaşinqtonda keçirdikləri görüşdən sonra mövqelərində bəzi dəyişikliklər də sezilməyə başlayıb.
Ermənistan diasporun əlində qalıb
Məsələ burasındadır ki, danışıqlar prosesinin heç olmasa qismən nəticə verməsi üçün Ermənistan işğal etdiyi bir-neçə rayonu geri qaytarmalıdır. Hələ Vaşinqtonda keçirilən görüşlər zamanı Ağdam və Füzulinin ilk mərhələdə boşaldılması ilə bağlı İrəvanın razılıq verdiyinə dair yayılan xəbərləri də sıradan hal olaraq qəbul etmək mümkün deyil. Belə olan təqdirdə anlaşılan odur ki, Ermənistan hökuməti bəzi addımlar atmaq barədə düşünür. Amma bu addımların reallığa çevrilməsi üçün ən böyük ağırlığ ölkə ictimaiyyəti və erməni diasporu arasında rəyin formalaşdırılmasının üzərinə düşür. Bu məsələdə böyük sıxıntılar keçirən İrəvan ölkənin içini yola verə biləcəyini düşünür. Amma diasporla anlaşmanın əldə olunması bir o qədər mümkün görünmür. Ən azından, ən böyük erməni təşkilatı olan ANKA-nın ötən günlərdə Qarabağla bağlı verdiyi bəyanat da bunu göstərir. Və şübhəsiz bu etirazlar yekunda Ermənistan hökumətinin üzərinə təzyiqlər formasında gəlməyə başlayacaq. Bunu isə Sərkisyan hökuməti istəmir, ələlxüsus indiki məqamda. Bir sözlə, Ermənistan Qərblə, diaspor arasında qalıb.
Bütün bunların real olduğunu qismən təsdiq edəcək maraqlı fikirlər də var ortalıqda. Məsələn, Britaniyalı analitiklər bu məsələdə bəzi detallara aydınlıq gətirərək, Ermənistanın faktiki olaraq təzyiq altında olduğunu düşünürlər. Bilkənt Universitetinin jurnalistika fakültəsinin müəllimi David Barçardın fikrincə, Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə münasibətlərin normallaşması prosesinin dayandırılması barədə qərardan çox şey qazanmadı: “Sərkisyan atdığı addımından kifayət qədər təəssüflənir. Türkiyə isə bu məsələdə öz mövqeyini dəyişməyəcək”.
Digər bir ingilis analitik, beynəlxalq münasibətlər üzrə professor Mark Almondun fikrincə isə İrəvan və Ankara arasında münasibətlərin normallaşması, habelə Qarabağ münaqişəsinin həll edilməsi prosesində ən çox Qərb ölkələri maraqlıdır: “Onlar Avropa Birliyi ilə mümkün yaxınlaşmanın əvəzində Ermənistandan protokolların ratifikasiyasını və Qarabağ məsələsinin həllini tələb edə bilər. Əgər bir ölkə digər ölkənin təşəbbüsündə maraqlı deyilsə, oyun başa çatacaq və regionda status-kvo saxlanılacaq. Hərçənd Ermənistanın qonşularıyla münaqişələr ucbatından üzləşdiyi iqtisadi problemləri nəzərə almağa başlayıb. Çünki belə vəziyyət ölkədə onsuz da çətin durumu daha da çətinləşdirir. İndi gözləmək lazımdır ki, ölkə buna nə qədər davam gətirəcək”.
Bir sözlə, Qarabağın «açarı» ilə bağlı indiyə qədər yaranmış təsəvvürlərdə bir yanlışlıq olduğu dəqiqdir. İndiyə qədər bütün nəzərləri Rusiyaya yönəldib, «açar»ı onun «cibi»ndə axtaranlar erməni diasporu faktorunu diqqətdən yayındırıblar. Amma onu da unutmaq lazım deyil ki, ermənilər o qədər də dərin ağıla sahib millət sayılmırlar. Ona görə də, günlərin birində nəinki Qarabağın, hətta öz «açar»larını belə itirməli olacaqlar.
Fikrət Fərəməzoğlu
Milli.Az
|
|