| |
MÜHARİBƏ BƏYANATLARI NƏ VƏD EDİR?
|
10:34 26-04-2010
Cəsur Sümərinli: "Azərbaycan silahlı qüvvələrinin potensialı imkan verir ki, ilk hücumda Ermənistanın əhəmiyyətli obyektlərini ələ keçirsin"
|
|
Bildiyimiz kimi dünən Azərbaycan ordu quruculuğuna həsr edilmiş müşavirə keçirilib. Müşavirəyə rəhbərlik edən prezident İlham Əliyev ordu quruculuğu istiqamətində çox nikbin danışıb. Bundan əlavə müdafiə naziri Səfər Əbiyev prezidentə hesabat xarakterli məlumat da verib. Belə ki, Səfər Əbiyev “Ordumuz Ermənistan ərazisindəki bütün hədəfləri məhv etməyə qadirdir” – deyə bir daha qarşı tərəfə ciddi mesaj göndərib. Müşavirədə müharibə dolu bəyanatlar da səsləndirilib. Bu bəyanatları şərh edən, hərbi ekspert Cəsur Sümərinli FaktXeber.com-a bildirdi ki, bu bəyanatı, son zamanlar gedən proseslərin nəticələri kimi qiymətləndirmək olar: “Bildiyimiz kimi münaqişənin tənzimlənməsi istiqamətində hər iki tərəfdən bəyanatlar səsləndirilib. Xüsusən Azərbaycan ilə Amerika arasında münasibətlərin indiki vəziyyəti belə bəyanatlar verməyə səbəb ola bilər. Bu da, regionda marağı olan transmilli şirkətlər və regionda sabitlik istəyən beynəlxalq ölkələrin hədəfidir. Belə bəyanatlar bölgədə müharibəni yenidən alovlandıraraq, iqtisadi proyektlər və sabitlik məsələlərini sual altında salır. Hesab edirəm ki, bu cür bəyanatlara sadəcə Azərbaycan-Amerika münasibətlərinin kəskinləşməsi nəticəsində ortaya çıxan hadisə kimi yanaşmaq lazımdır”.
Dünən keçirilən tədbir mətbuatda hərbi əməliyyatların bərpası kimi şərh olunur. Amma Azərbaycan həqiqətən hərbi əməliyyatlara başlamaq istəsəydi, bu kimi tədbirlər keçirməz və rəsmilərin fikirləri açıq şəkildə ölkə mətbuatına ötürülməzdi – ekspert bildirdi: “Çünki, hərbi əməliyyatlar qəfil planlaşdırılır və onun həyata keçirilməsi ilə bağlı çox məhdud dairələrdə məlumat olur. Belə bəyanatların fonunda Azərbaycan tərəfinin hərbi əməliyyatlara başlaması, inandırıcı deyil. Ən azı belə praktikaya rast gəlinməyib. Əslində diqqəti çəkən məqam tam başqadır. Xüsusən bu tədbirin adı “Azərbaycanda ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə” idi. Məhz söhbət ordu quruculuğuna istiqamətlənməlidir”.
C.Sümərinli hesab edir ki, bu tədbir zamanı Azərbaycan silahlı qüvvələrinin qurulması prosesindən danışılarkən, NATO standartları, ABŞ-ın dəstəyi və digər məsələlər də müzakirə olunmalıdır: “Bildiyimiz kimi son vaxtlar məhz ABŞ-Azərbaycan arası yaranmış gərginlik nəticəsində hərbi təlimlər ləğv olundu. Bundan əlavə bu ilin əvvəlində ABŞ-Azərbaycan silahlı qüvvələri arasında imzalanmış iş planını hələ də parlamentdə ratfikasiya olunmayıb. Eyni zamanda ABŞ-ın Azərbaycan silahlı qüvvələrinə xüsusən Hərbi Dəniz Qüvvələrinə dəstəyinin dondurulmasına da şahid olduq. Bu xüsusda Rusiyanın Qəbələ RLS ilə bağlı müddətinin artırılması xəbəri də yayılıb. Bütün bu olanları nəzərə alsaq, başa düşmək olar ki, Azərbaycan bu müşavirə ilə özünün hərbi siyasətini dəyişdirmək mərhələsindədir. Bu da təhlükəsiz tendensiyadır”.
Proseslərin hansı qaydada davam etməsindən asılı olaraq, Azərbaycan silahlı qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasının dayandırılması və Rusiya standartlarının tətbiq olunması ilə bağlı konkret bəyanatlar ortaya qoyula bilər: “Bununla da NATO-a uyğunlaşma prosesi iflasa uğrayacaq. ABŞ-la gərginlik davam etsə və Rusiyanın həm xəzərlə, həm də silahlı qüvvələrlə bağlı Azərbaycana təzyiqi artsa, o zaman Azərbaycanın hərbi-siyasi dairələri mütləq hərbi quruculuq məsələlərinə fərqli konteksdə yanaşmağa başlayacaqlar”.
Bəyanatlar reallaşarsa, Azərbaycan tərəfi nə qazanacaq – sualına ekspert belə cavab verdi: “Hərbi əməliyyatların uğurla davam etdirilməsi üç əsas amildən ibarətdir. Hərbi qüvvələrin formalaşması, dəstək məsələsi və beynəlxalq vəziyyət. Azərbaycan silahlı qüvvələrinin potensialı imkan verir ki, ilk hücumda əhəmiyyətli obyektlər ələ keçirilsin. Amma bununla işi bitmiş hesab etmək olmaz. Çünki, ona həm arxa dəstək verilməlidir, həm də beynəlxalq əlverişli situasiya yaradılmalıdır. Azərbaycan üç gün ərzində əlverişli nöqtələri ələ keçirdə bilər. Həmin nöqtələri əldə saxlaya biləcəkmi? Yenə də Rusiya Ermənistanın arxasında dayanacaqmı? Bütün bu suallara Azərbaycan tərəfi cavab tapmalıdır. Sonra uğurlu hərbi əməliyyat həyata keçirdə bilər. İlkin həmlədə Azərbaycan tərəfi üçün müvəffəqiyyət qazanmaq problem deyil. Sadəcə sonrakı gedişlərdə ciddi çətinliklər üzə çıxa bilər”.
Əli Mövlud
faktxeber.com
|
|